REGİONLAR
Gəncədə 3 minə yaxın insan Dünyagöz Klinikasının mobil həkim briqadası tərəfindən müayinə edilib
Gəncə, 20 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünyagöz Klinikasının mobil həkim briqadası tərəfindən Nizami yurdunun sakinləri üçün ödənişsiz ilkin göz müayinəsi aksiyası həyata keçirilib.
Dünyagöz Mobil Klinikasının məsul əməkdaşı Muzaffər Sancaklı AZƏRTAC-a müsahibəsində bildirib ki, noyabrın 2-dən başlayaraq 3 həftə ərzində hər gün 150 nəfərdən çox, təxminən 3 minə yaxın insan müayinə edilib. Onlar arasında şəhər sakinləri ilə yanaşı, ətraf rayonlardan olanlar da var.
Muzaffər Sancaklı deyib ki, dünyaya gələn hər bir körpənin gözləri yeniyetməlik dövrünə kimi mütəmadi müayinə olunarsa, gələcəkdə yarana biləcək bir çox göz xəstəliklərinin qarşısını almaq mümkündür.
Müayinənin nəticələrini açıqlayan Dünyagöz Mobil Klinikasının həkimi Nigar Lələyeva isə qeyd edib ki, sakinlərdə əsasən miopiya, hipermetrop, astiqmat, katarakta və başqa xəstəliklərə rast gəlinib.
Sakinlər yüksək xidmətdən razı qalıb, aksiyanın təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.