MƏDƏNİYYƏT
Gəncədə keçirilən Beynəlxalq təlim kurslarının iştirakçıları Nizami Gəncəvinin məqbərəsində olmuşlar
Gəncə, 10 aprel (AZƏRTAC). Gəncə şəhərində “Gənclər təşkilatlarının idarə olunması” və “Gənclər sahəsində gender məsələsi” mövzularında keçirilən bir həftəlik Beynəlxalq təlim kurslarının iştirakçıları olan xarici gənclər dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi çərçivəsində şairin məqbərəsi önündəki tədbirdə iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək Azərbaycan mədəniyyətini, adət-ənənələrini, zəngin tarixini təbliğ etmək, dünyaya sülh və birlik mesajı vermək məqsədi təşkil olunmuş Beynəlxalq təlim kurslarının 30 ölkədən olan 50-yə yaxın iştirakçısı əvvəlcə Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişdir. Burada qonaqlara mütəfəkkir şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilmişdir.
Sonra gənclər şairin yaradıcılığından bəhs edən kitab, rəsm, qədim milli əşyalardan ibarət sərgiyə tamaşa etmişlər.
Şəhərin ali və orta məktəblərində Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldıqdan sonra musiqi məktəbləri kollektivlərinin çıxışları olmuş, Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında şairin “Xəmsə”si əsasında səhnələşdirilmiş parçalar nümayiş etdirilmişdir.
Bütün bu tədbirləri maraqla izləyən xarici gənclər dahi sairin xatirəsinə göstərilən ehtiramdan məmnunluqlarını ifadə etmişlər.