SİYASƏT
Gəncədə “Konstitusion hüquqların müdafiəsi” mövzusunda seminar keçirilmişdir
Bakı, 19 mart (AZƏRTAC). Ombudsmanın Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə “Konstitusion hüquqların müdafiəsi” mövzusunda seminar keçirilmişdir.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin, gənclər və idman idarəsinin, həmçinin digər müəssisə və təşkilatların nümayəndələri iştirak etmişlər.
Seminar əhalinin hüquq düşüncəsinin və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə təşkil olunmuşdur.
Regional mərkəzin rəhbəri S.Abbasov ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində əldə olunan nailiyyətlərdən danışmışdır.
Qeyd olunmuşdur ki, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında böyük bir fəsil məhz insan hüquqlarına həsr edilmiş və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarını özündə əks etdirmişdir. Ötən müddət ərzində Konstitusiyanın müddəalarından irəli gələn, insan hüquq və azadlıqlarını əsas meyar kimi özündə əks etdirən bir çox qanunların qəbul edildiyi, insan hüquqlarının müdafiəsi və həyata keçirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyü bildirilmişdir.
Tədbirdə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, dövlət orqanlarına müraciət etmək, müraciətlərə baxılması qaydaları barədə məlumat verilmişdir.