SİYASƏT
GƏNCƏDƏ MÜSTƏQİLLİK GÜNÜNƏ HƏSR EDİLMİŞ KONFRANS KEÇİRİLMİŞDİR
Gəncə, 17 oktyabr (AZƏRTAC). Gəncə Dövlət Universitetində 18 oktyabr - Dövlət Müstəqilliyi gününə həsr edilmiş konfrans keçirilmişdir.
Konfransda 18 oktyabrın dövlətçilik tariximizdəki rolundan danışılmış, 1918-1920-ci illərdə mövcud olmuş Cümhuriyyətin hüquqi varisi kimi Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan söhbət açılmışdır. Qeyd olunmuşdur ki, 20-ci əsrin əvvəllərində qazanılmış və cəmi 23 ay mövcud olmuş müstəqilliyimiz 90-cı illərin əvvəllərində bərpa edildi və ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində əbədi və dönməz prosesə çevrildi.
Məruzələrdə konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır ki, indi də müstəqil respublikamızın sükanı etibarlı əllərdədir və Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ölkəmizin iqtisadi qüdrəti yüksəlmiş, dünya birliyində yeri möhkəmlənmişdir.
Konfransın sonunda Azərbaycan gerçəkliklərini əks etdirən sənədli film nümayiş etdirilmişdir.