REGİONLAR
Gəncədə “QHT-lərə dövlət dəstəyi: Qarşıda duran vəzifələr və yeni yanaşmalar” mövzusunda konfrans keçirilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 29-30-da Gəncə şəhərində ölkənin 53 rayonunu təmsil edən QHT sədrlərinin, regional koordinasiya mərkəzləri rəhbərlərinin iştirakı ilə “QHT-lərə dövlət dəstəyi: Qarşıda duran vəzifələr və yeni yanaşmalar” mövzusunda konfrans keçirilib.
QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Şərq-Qərb İdarəetmə İnstitutunun Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi ilə birgə təşkil etdiyi toplantıda regional vətəndaş cəmiyyəti şəbəkəsi, bölgələrdəki QHT-lərin resurs və təlim mərkəzlərinin baş planının hazırlanması, onların inkişafı üçün qarşıda duran vəzifələr, yeni yanaşmalar və gələcək əməkdaşlığın perspektivləri, QHT qanunvericiliyinə edilən dəyişikliklər və onların tətbiqi məsələləri, QHT-lərin Resurs və Təlim Mərkəzləri ilə regional QHT şəbəkəsinin gələcək fəaliyyəti və strateji planlaşdırma mövzularında məruzələr dinlənilib.
Konfransda çıxış edən Şura üzvləri Rəna Mirzəzadə, Vüqar Qədirov, MQF-nin prezidenti Rauf Zeyni, “Sosial Tərəqqi” İctimai Birliyinin sədri Qalib Nəbiyev, Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsinin ölkə üzrə direktor müavini Vaqif Həsənov və Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Həsən Məmmədov ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində aparılan dövlət siyasəti, QHT-hökumət münasibətlərinin yeni mərhələsi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında dialoq mühiti, yerli və mərkəzi icra hakimiyyəti orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti haqqında iştirakçılara geniş məlumat veriblər.
Konfrans işini mövzu ətrafında müzakirələrlə davam etdirib.