İQTİSADİYYAT
Gəncədə “Səhmdar cəmiyyətlərində korporativ idarəetmənin və hesabatlıq sisteminin səmərəliliyinin artırılması” mövzusunda seminar keçirilmişdir
Bakı, 4 iyun (AZƏRTAC). Gəncə şəhərində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə regionda fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin rəhbərləri üçün “Səhmdar cəmiyyətlərində korporativ idarəetmənin və hesabatlıq sisteminin səmərəliliyinin artırılması” mövzusunda seminar keçirilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, seminarda İqtisadi İnkişaf Nazirliyinin (İİN), Auditorlar Palatasının (AP), Avropa İttifaqının (Aİ) TACİS proqramı nümayəndələri, kapital bazarı üzrə beynəlxalq ekspertlər, eləcə də region üzrə yerli icra hakimiyyəti orqanlarının əməkdaşları iştirak etmişlər.
QKDK sədrinin müavini İlqar Muradov regionda fəaliyyət göstərən səhmdar cəmiyyətlərində korporativ idarəetmənin tətbiqinin, maliyyə hesabatlıq sisteminin qanunvericiliyin tələblərinə uyğun şəkildə qurulmasında və səhmdarların hüquqlarının səmərəli qorunmasının təmin edilməsində mühüm əhəmiyyət daşıdığını bildirmişdir.
İİN-in korporativ idarəetmə sektorunun məsləhətçisi Nicat Eyvazzadə, Auditorlar Palatası sədrinin elmi metodik məsələ üzrə müşaviri Nəcəf Talıbov, Aİ-nin kapital bazarları üzrə eksperti Yanis Filopolusun korporativ idarəetmə standartları, səhmdar cəmiyyətlərin hesabatlıq tələbləri, maliyyə hesabatlarının auditi problemləri, Aİ-nin korporativ hesabatlıq üzrə şəffaflıq tələblərinə dair məruzələri dinlənilmişdir.
QKDK-nın hüquq departamentinin direktoru Kamran Babayev səhmdar cəmiyyətlərin hesabatlığına dair milli qanunvericilik tələbləri və bu istiqamətdə komitə tərəfindən beynəlxalq təşkilatlarla birgə hazırlanan yeni qanunvericilik təşəbbüslərinə dair geniş təqdimatla çıxış etmişdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.