ELM VƏ TƏHSİL
Gəncədəki 31 nömrəli orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilmişdir
Gəncə, 16 sentyabr (AZƏRTAC). Gəncədəki 31 nömrəli orta məktəbin müəllim və şagird kollektivi Bilik günündə qiymətli hədiyyə almışdır.1968-ci ildən fəaliyyət göstərən və bir dəfə də olsun əsaslı təmir edilməyən, bunun da nəticəsində qəzalı vəziyyətə düşən məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları Musa Quliyev, Xanlar Fətiyev və başqaları son illər ölkəmizdə təhsilin inkişafı sahəsində həyata keçirilən köklü islahatlardan, bu islahatlar nəticəsində qazanılan uğurlardan danışmışlar. Qeyd edilmişdir ki, keçmiş sovetlər birliyindən qalan köhnə məktəb binalarının yerində artıq müasir binalar ucaldılır. Bəziləri isə ən yüksək standartlara cavab verən səviyyədə əsaslı şəkildə təmir edilir.
Sonra şəhər ziyalıları və ictimaiyyət nümayəndələri çıxış edərək müstəqil Azərbaycanın gələcəyi olan övladlarımızın təhsilinə belə yüksək diqqət və qayğı göstərdiyinə görə ölkəmizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Rəmzi lent kəsilmiş, iştirakçılar məktəb binasına baxış keçirmişlər.