ELM VƏ TƏHSİL
Gənclər “Bakı 2015” ilk Avropa Oyunlarını dəstəkləyir
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və bu ali təhsil ocağının nəzdindəki Bakı Turizm Peşə Məktəbinin tələbələri “Gənclər “Bakı 2015” birinci Avropa Oyunlarını dəstəkləyir” şüarı altında yürüş ediblər.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Cəfər Cəfərov yürüş iştirakçılarına uğurlar arzulayıb, bu möhtəşəm beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizin dünya ictimaiyyəti tərəfindən bir daha yaxından tanınması, təbliği üçün mühüm bir addım olacağını vurğulayıb. Rektor qeyd edib ki, bütün dünya 17 gün ərzində tarixdə ilk dəfə keçiriləcək ilk Avropa Oyunların Azərbaycanın inkişafı fonunda möhtəşəm təşkilinə, nümunəvi ev sahibliyini təsdiqləyən mənəvi dəyərlərinə şahidlik edəcək. Azərbaycan dünya idmanında ilk Avropa Oyunlarının keçirildiyi məkan kimi tarixə düşəcək. Möhtəşəm idman bayramı bizim tələbələr və şagirdlər üçün də əsl peşəkarlıq məktəbi olacaq.
C.Cəfərov Vətənimizə Avropa Oyunlarında iştirak etmək üçün gələn xeyli sayda qonağın Azərbaycanda turizm sektorunun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.
Gənclərin yürüşü Azərbaycan Xalça Muzeyində başa çatıb.