ELM VƏ TƏHSİL
GƏNCLƏRİN HƏRBİ–VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR
AZƏRTAC xəbər verir ki, Naxçıvan Türk Liseyində muxtar respublikanın ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən hərbi rəhbərlərin müşavirəsi keçirilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildikdən sonra muxtar respublikanın təhsil naziri Piri Nağıyev müşavirənin məqsəd və vəzifələrindən söz açmışdır. Nazir gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin, çağırışaqədərki hərbi hazırlığı fənninin tədrisi, onların orduya hərtərəfli hazırlanması sahəsində həyata keçiriləcək tədbirlərdən danışmış, bu işdə hərbi rəhbərlərin müstəsna rolunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bu gün silahlı qüvvələrimizin qarşısında çox çətin sınaq imtahanları dayandığını hər bir azərbaycanlı çox yaxşı bilir. Bu sınaq işğal altında qalmış torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi və təmizlənməsidir. Qarşıya qoyulmuş bu çətin tapşırığın yerinə yetirilməsində hər bir vətəndaş fəal olmalıdır. Ona görə də məktəblərimizdə gənc nəslin hərbi hazırlığının ilkin ibtidai elementlərini öyrədən hər kəs bu vacib və məsul vəzifəni yüksək səviyyədə yerinə yetirməlidir.
Müşavirədə çıxış edənlər məsələ ilə əlaqədar təkliflərini bildirmişlər.