İQTİSADİYYAT
Geni modifikasiya olunmuş bitkilərin aşkarlanması üzrə monitorinqlər keçirilmişdir
Bakı, 12 dekabr (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK), Azərbaycan Milli Elmlər Akademiyasının, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər və Səhiyyə nazirliklərinin mütəxəssislərindən ibarət Ekspert Şurası Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran-Astara bölgələrində geni dəyişdirilmiş bitkilərin aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə monitorinqlər keçirmişdir.
SMPDK-dan AZƏRTAC-a bildirilmişdir ki, monitorinq çərçivəsində icra hakimiyyətlərinin aqrar məsələlər üzrə müavinləri, ərazi kənd təsərrüfatı idarələrinin mütəxəssisləri, Aqrar Elm Mərkəzinin regional bölmələrinin və elmi-tədqiqat institutlarının dayaq məntəqələrinin əməkdaşları və fermerlərlə görüşlər keçirilmiş, onlara qanunvericiliyin tələbləri haqqında geniş məlumat verilmişdir.
Bir sıra bitkilərin toxum materiallarından nümunələr götürülərək sınaqların aparılması məqsədilə laboratoriyaya təqdim olunmuşdur.
SMPDK-nın Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) geni modifikasiya olunmuş məhsulların təyini laboratoriyasında aparılmış sınaqlar nəticəsində nümunələrdən heç birində gen dəyişikliyi aşkar olunmamışdır.
Araşdırmalar davam etdirilir.