ELM VƏ TƏHSİL
Geologiya və Geofizika İnstitutu radon qazının mənfi təsirinin azadılması istiqamətində tədqiqatlar aparır
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ölkədə radon qazının sağlamlığa mənfi təsirini azadılması istiqamətində tədqiqatlar aparır.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, araşdırmalarda Avropa təcrübəsini tətbiq etmək məqsədi ilə geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Çingiz Əliyev, çökmə hövzələrinin flüid dinamikası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev İsveçrənin Luqano şəhərində yerləşən Tətbiqi Elmlər Universitetində (TEU) olublar. Almaniya və Avstriya alimlərinin də iştirak etdiyi görüşdə tərəflər radon qazı ilə mübarizə istiqamətində təcrübələrini bölüşüblər. Müştərək tədqiqat imkanları müzakirə olunub, görülə biləcək konkret işlər müəyyənləşdirilib.
Görüş iştirakçılarına müvafiq metodik vəsaitlər, o cümlədən radona qarşı mübarizədə yeni yanaşmaları əks etdirən nəşrlər təqdim olunub.
İnstitutun əməkdaşları İsveçrə səfərindən sonra Polşa Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunda təşkil olunan “Radon ətraf mühitdə 2015” adlı beynəlxalq konfransda iştirak ediblər. Krakov şəhərində keçirilmiş beş günlük tədbirdə Rusiya, Macarıstan, Avstriya, Fransa, İtaliya, Çin və digər ölkələr təmsil olunub. Planetin müxtəlif yerlərində radon təhlükəsi ilə bağlı araşdırmaların nəticələri və yeni tədqiqat imkanlarına dair 65 elmi məruzə dinlənilib. Ç.Əliyev və Ə.Feyzullayevin birgə təqdim etdikləri “Azərbaycandakı tikililərdə və ətraf mühitdə radonun paylanma qanunauyğunluqları” adlı məruzə maraqla qarşılanıb.
Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağ ciyər xərçəngi törədə bilir və bu xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikinci yerdədir. GGİ ölkə ərazisində radonun paylanmasının tədqiqinə TEU-nun alimləri ilə birgə 2010-cu ildə başlayıb. Tədqiqatlar nəticəsində “Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi” tərtib olunub. Radon qazı əsasən dağlıq ərazilərimizdəki bir sıra yaşayış binalarında normadan artıq müəyyən edilib.
Ç.Əliyev qeyd edib ki, radon riskli zonaların müəyyənləşdirilməsində xarici təcrübənin öyrənilməsi Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı”nda qarşıya qoyulan vəzifələrdəndir. Proqramın icrasında İnstitut ilə birgə respublikanın Fövqəladə Hallar, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları da iştirak edir.