MƏDƏNİYYƏT
Gəzdim Azərbaycanı: Bakı- Xaçmaz VIDEO
Bakı, 14 iyun (AZƏRTAC). Azərbaycanın görməli yerlərindən bir də Xaçmazdır. Xaçmaz rayonu Azərbaycanın şimal-şərqində yerləşir. Rayon şimaldan Rusiya ilə həmsərhəddir. Xaçmazın qərbində Qusar və Quba rayonları, cənubunda Şabran rayonu, şərqində isə Xəzər dənizidir. Samur-Dəvəçi ovalığının bir hissəsi də bu rayondadır. Rayon ərazisinin 20800 hektarı meşəlikdi.
Əhalisi 162 mindən çox olan Xaçmaz rayonunda azərbaycanlılarla yanaşı rus, türk, ləzgi, tatar, qrız və digər xalqların nümayəndələri yaşayır.
Xaçmaz Azərbaycanın qədim yaşayış məskənlərindən sayılır. Bürünc dövrünə aid yaşayış qalıqları, kurqanlar, məscidlər və Köhnə Xaçmaz kəndində Qafqaz Albaniyası dövrünə aid edilən məbəd də buranın tarixi keçmişindən xəbər verir.
Xaçmazdakı XVIII əsrə aid Tağaroba məscidi, XIV əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi, XV əsr Şeyx Yusif türbəsi qorunub saxlanılaraq dövrümüzədək gəlib çatıb. XX əsrin əvvəllərində - 1900-1903-cu illərdə tikilən dəmir yol stansiyası, böyük mesenat Hacı Zeynalabdin Tağıyevin vəsaitinə 1900-1913-cü illərdə tikilən və Bakının içməli su təminatında böyük rol oynayan Şollar su anbarı da Xaçmazın tarixi abidələrindəndi.
Son illərdə Xaçmazda aparılan abadlıq və quruculuq işləri şəhərin simasını tamamı ilə dəyişib. Yeni tikililər, Azərbaycan memarlığının bütün incəliklərini özündə yaşadan abidələr və yaşayış binaları...
Xaçmaz eyni zamanda ölkə üzrə təşkil edilən şimal turizm marşrutuna daxil olan əsas dayanacaqlardan biridir. Rayon mərkəzində yeni mərkəzi avtovağzal binası da inşa olunub. Vağzaldan gün ərzində 200-ə yaxın sərnişin paytaxta və qonşu rayonlara yola salınır. Həmçinin avtovağzaldan həftədə bir dəfə Türkiyəyə reyslər də həyata keçirilir.
Əsrarəngiz təbiəti ilə olan Xaçmaz rayonu həm də Azərbaycanın gözəl kurort yerlərindən hesab edilir. Turistləri qəbul etmək üçün Xaçmazda otellərin sayı kifayət qədərdir. Şəhərdəki otellərdə qiymətlər bir nəfərə 20 manatdan 50 manata qədər dəyişir.
Son illərdə Xaçmazda orta aylıq əməkhaqqı 8,3 dəfə, pensiyaların orta məbləği 5,7 dəfə artıb, 11085-i daimi olmaqla 17575 yeni iş yeri açılıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 56 mənzilli 3 yaşayış binası və 13 fərdi ev tikilib.