ELM VƏ TƏHSİL
GÖRKƏMLİ COĞRAFİYAŞÜNAS ALİM, PEDAQOQ VƏ BÖYÜK ELM TƏŞKİLATÇISI
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, görkəmli coğrafiyaşünas alim, elm təşkilatçısı, istedadlı pedaqoq, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, Respublika Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqovun anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov, coğrafiya fakültəsinin dekanı, dosent Mustafa Əliyev akademik Budaq Budaqovun mənalı ömür yolundan, əhatəli elmi-pedaqoji fəaliyyətindən, əsərlərinin əhəmiyyətindən danışmışlar.
Qeyd edilmişdir ki, B.Budaqov 1951-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) coğrafiya fakültəsini, 1955-ci ildə SSRİ EA Coğrafiya İnstitutunun aspiranturasını bitirmişdir. O, “Cənub-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası” mövzusunda namizədlik, “Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyası və yeni tektonikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1979-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. Uzun illər Azərbaycan EA-da müxtəlif vəzifələrdə işləmiş B.Budaqov 1989-cu ildən AMEA-nın Coğrafiya İnstitutuna rəhbərlik edir. O, çoxsaylı monoqrafiyaların, 400-dən artıq məqalənin müəllifidir.
Məlumat verilmişdir ki, B.Budaqovun Böyük Qafqazın ayrı-ayrı hissələri üçün ilk dəfə tərtib etdiyi irimiqyaslı geomorfoloji xəritələr elmə çox dəyərli töhfədir. Alimin 1990-cı ildə çoxillik tədqiqat materiallarına əsasən tərtib etdiyi “Azərbaycan ərazisinin ekoloji-coğrafi rayonlaşması (ekoloji gərginlik dərəcəsinə görə) 1:500 000 miqyaslı xəritəsi isə ekoloji tədqiqatların ilkin yekunu kimi çox böyük elmi-təcrübi əhəmiyyətə malikdir.
Vurğulanmışdır ki, akademik B.Budaqov coğrafiyanın mühüm sahələrindən olan landşaftşünaslıq elminin inkişafında, ölkəmizdə toponimika elmi məktəbinin yaradılmasında da böyük rol oynamışdır.
Çıxış edən digər alimlər də akademik Budaq Budaqovun elm sahəsində qazandığı yüksək nailiyyətlərdən, bacarıqlı kadrların hazırlanmasındakı xidmətlərindən ətraflı bəhs etmiş, ona xoş arzularını bildirmişlər.