REGİONLAR
Görmə qabiliyyətini tamamilə itirən MDU tələbəsi: İnsan iradəli olarsa, aşa bilmədiyi maneə yoxdur
Bakı, 28 oktyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) üçüncü kurs tələbəsi Heydər Qafarlı artıq 9 ildir ki, görmə qabiliyyətini tamamilə itirib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görmə məhdudiyyətli olmasına baxmayaraq, o, yüksək akademik göstəriciləri ilə fərqlənən qabaqcıl tələbələrdəndir.
İsmayıllıda 2004-cü ildə anadan olan Heydər Qafarlı rayonun Culyan kənd tam orta məktəbini bitirib. Tarix fənninə olan sevgisi onu tarix müəllimliyi ixtisasına yönəldib. Hazırda MDU-nun Təhsil fakültəsində Tarix müəllimliyi ixtisası üzrə üçüncü kursda təhsil alır.
Heydər ibtidai sinifdə təhsil alarkən sərbəst oxumağı və yazmağı bacarıb, qiymətləri daim yaxşı olub. Beşinci sinifdə birdən-birə gözlərində zəiflik hiss olunub. Valideynləri uzun müddət onun gözlərini müalicə etdirsələr də, heç bir xeyri olmayıb. Nəticədə uşaqlıq çağlarında Heydərin görməsi qısa zamanda tam məhdudlaşıb. Ancaq bu vəziyyət 10 yaşlı məktəblinin dərslərinə davam etməsinə mane olmayıb. Onda olan böyük həvəs, iradə və qavrama qabiliyyəti, eləcə də valideynlərinin dəstəyi dərslərinin mənimsənilməsinə kömək olub. Xüsusilə anası Sevda xanımın əzmkarlığı sayəsində Heydər orta məktəbi yaxşı qiymətlərlə başa vurub və ali məktəbə qəbul olub.
Heydər onunla söhbət zamanı valideynlərinin dəstəyini xüsusi minnətdarlıqla vurğulayıb: “Mən çatdığım məqama görə, ilk növbədə, valideynlərimə təşəkkür edirəm. Onların dəstəyi və köməyi olmasa idi, mən tələbə adını qazana bilməzdim. Atam maddi və mənəvi dəstəyim, anam isə mənim gözlərim olub. Bütün həyatını, karyerasını mənim təhsilimə fəda edib. O oxuyub, mən isə dinləyib yadda saxlamağa çalışmışam. Anamın fədakarlığını unuda bilmərəm. Orta məktəbi yaxşı qiymətlərlə bitirməyim, ali məktəbə qəbul olmağım, hazırda da təhsildə yoldaşlarımdan geri qalmamağımın əsas səbəbkarı anamdır. Onun əməyi sayəsində qarşıma qoyduğum məqsədlərə doğru irəliləməkdə davam edə bilirəm. Mən yaşıdlarıma da demək istəyirəm ki, əsl əngəl fiziki məhdudiyyətli olmaqda deyil, düşüncədədir. İnsan iradəli olarsa, aşa bilmədiyi maneə yoxdur”.
Artıq üçüncü ildir ki, təhsili ilə əlaqədar Mingəçevir şəhərində yaşayan Heydər Qafarlının bu şəhər haqqında fikirləri də maraqlı olub: “MDU-ya qəbul olunduğumu biləndə ailəmiz bir qədər tərəddüd etdi. İsmayıllı rayonu ilə Mingəçevir şəhəri arasında böyük məsafə olmasa da, bura bizə yad təsir bağışlayırdı. Lakin şəhərə gəldiyimiz ilk günlərdən sakinlərin mehribanlığı bizdə xoş təəssürat oyatdı. Universitetin kollektivinin səmimi münasibəti, tələbə yoldaşlarımın dostcanlığı məni burada darıxmağa qoymadı. Həmçinin MDU kollektivinin göstərdiyi diqqəti və dəstəyi də xüsusi qeyd etmək istəyirəm”.
Qeyd edək ki, əvvəllər Heydər Qafarlının görmə qabiliyyətinin bərpa edilməsinin mümkün olmadığı bildirilmişdi. Lakin hazırda Türkiyədə müasir tibbi texnologiyalar əsasında həyata keçiriləcək əməliyyatlarla Heydərin görməsində müsbət nəticələrin əldə olunmasına ümidlər böyükdür.