Gorus – 2010: absurd teatrı mövsümü
Ramiz Mehdiyev,
Azərbaycan Milli Elmlər Akademiyasının
həqiqi üzvü
Biz 2010-cu il oktyabrın 16-da erməni absurd teatrının səhnəsində növbəti tamaşanın şahidi olduq. Bu dəfə tamaşa Yerevandakı teatr səhnəsində deyil, Gorus şəhərində göstərilirdi. Tamaşanın baş qəhrəmanı hansısa sıravi artist deyil, Ermənistan prezidenti Serj Sarkisyanın özü idi - bəli, 1992-ci ilin fevralında Xocalı soyqırımının, Dağlıq Qarabağın və ona bitişik ərazilərin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmələrin əsas təşkilatçılarından biri olmuş Serj Sarkisyan. Bu dəfə özünü akademik kimi göstərməyə çalışan prezident teatr səhnəsindən bütün elm aləmini tarix elmində “yeni kəşflər”lə heyrətləndirməyi qərara almışdı. Erməni diasporunu təmsil edən jurnalistlər qarşısında Sarkisyanın çıxışının “şedevrləri”ndən biri ondan ibarət idi ki, guya “tərkibində bircə nəfər də erməni olmayan genetik və linqvist alimlərin “hansısa böyük bir qrupu” uzun müddət mürəkkəb bir tədqiqat aparmışdır. Son nəticələrə görə, erməni dilinin ən azı səkkiz minillik tarixi vardır. Bu o deməkdir ki, biz bir millət kimi ən azı səkkiz min ildir mövcuduq”. Etiraf etmək lazımdır ki, Lısenko genetikanı təqib etməyə başladığı dövrdən bu yana dünya elmində genetikanın bu və ya digər dilin yaşını müəyyən etmək qabiliyyəti kimi sensasiyalı bir kəşf eşidilməmişdir.