ELM VƏ TƏHSİL
Göyçay rayonunun məktəblərində Bilik günü qeyd edilmişdir
Göyçay, 16 sentyabr (AZƏRTAC). Göyçay rayonunun ümumtəhsil məktəblərində Bilik günü münasibətilə toplantı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri iştirak etmiş, bu il ilk dəfə birinci sinfə gedəcək şagirdləri, o cümlədən bütün məktəbliləri, müəllimləri və valideynləri təbrik etmişlər. Natiqlər ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, əldə olunan uğurlardan danışmış, Heydər Əliyev Fondunun dəstəyi ilə və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq son illərdə Göyçayda 11 yeni məktəb binasının tikildiyini, 10 məktəbin isə əsaslı təmir olunduğunu qeyd etmişlər. Nəticədə 10 minə yaxın şagirdin təhsil şəraiti yaxşılaşmışdır.
Aparılmış təhlillərə görə, rayon üzrə 2012-2013-cü tədris ilində müvəffəqiyyət faizi 75,6 faiz, keyfiyyət göstəricisi 49,9 faiz olmuşdur. Hesabat ilində 342 nəfər ali məktəblərə, 101 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Abituriyentlərdən 19 nəfəri 600-dən, 64 nəfəri isə 500-dən yuxarı bal toplamışdır.
Tədbirdə müəllim və şagirdlər, kənd ağsaqqalları çıxış edərək təhsilin inkişafına göstərdiyi qayğıya görə ölkəmizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər. Mərasimdə birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyəsi olan çanta və məktəbli ləvazimatları verilmişdir.
Xatırladaq ki, cari ildə rayonun bütün təhsil müəssisələrində cari təmir işləri aparılmış, məktəblər internet şəbəkəsinə qoşulmuşdur.