MƏDƏNİYYƏT
Göyçayda Gül bayramı keçirilmişdir
Göyçay, 10 may (AZƏRTAC). Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə mayın 10-da Göyçay şəhərində Gül bayramı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda minlərlə göyçaylının iştirakı ilə keçirilən Gül bayramında müxtəlif növ gül və çiçəklərdən hazırlanmış çələnglər, dahi şəxsiyyət Heydər Əliyev və Prezident İlham Əliyevin güldən hazırlanmış portretləri, milli-mənəvi dəyərləri əks etdirən maddi-mədəniyyət nümunələri, məktəblilərin əl işləri nümayiş etdirilmişdir.
Milli geyimli oğlan və qızlar şeir və mahnılar ifa etmiş, kompozisiyalar nümayiş etdirmiş, idmançıların nümunəvi çıxışları maraqla qarşılanmışdır.
Yerli incəsənət ustalarının iştirakı ilə konsert olmuş, ulu öndərin adını daşıyan parkda bayram gəzintisi təşkil edilmişdir.