REGİONLAR
Göyçayda yazlıq bitkilərin əkini uğurla həyata keçirilir
Göyçay, 26 mart (AZƏRTAC). Göyçay rayonunun kəndlərində yazlıq bitkilərin əkini davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, fərdi təsərrüfat sahibləri bu günlərdə əkin və aqrotexniki qulluq işlərini həyata keçirirlər.
Bu günədək rayonda ümumilikdə 916 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bunun da 670 hektarını tərəvəz sahələri təşkil edir. Yazlıq bitkilər əkini davam etdirilir. Bu il rayonda 1500 hektar sahədə yazlıq bitkilərin əkininin aparılacağı gözlənilir. Mayın əvvəlində istixanalardan məhsul yığımına başlanılacaqdır. Ötən il rayonda istehsal olunan tərəvəz məhsullarının təxminən 50 faizi Rusiya bazarlarına ixrac olunmuşdur.
Həmçinin, kəndlilər bu günlərdə yazlıq əkinlərdən olan kartof, qarğıdalı, soğan, sarımsaq, kələm və digər bostan məhsullarının da əkininə başlamışlar. Rayonda yonca səpini başa çatdırılmışdır. Hazırda 5 min 478 hektar sahədə yonca sahəsi mövcuddur. Bundan əlavə 15 min 129 hektar taxıl sahəsinə aqrotexniki qulluq göstərilir.