MƏDƏNİYYƏT
Göygöl şəhərinin 2013-cü il üçün “Azərbaycanın sənətkarlar paytaxtı” seçilməsi turistlərin bu rayona marağını artırmışdır
Göygöl, 7 iyul (AZƏRTAC). Turizm mövsümü başlayandan Göygöl rayonuna istirahətə gələnlərin sayı artmışdır. Buna səbəb olan amillərdən biri rayonun 2013-cü il üçün “Azərbaycanın sənətkarlar paytaxtı” seçilməsidir.
Rayon mədəniyyət və turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Göygöl rayonu öz təbiəti, zəngin flora və faunası ilə həmişə turistlərin diqqətini cəlb etmişdir. Rayona gələn turistlər gözəl təbiətlə yanaşı, tarixi abidələrlə, eləcə də rayonda fəaliyyət göstərən sənətkarlarla, onların əl işləri ilə də tanış ola bilirlər. Bundan əlavə, turistlərin marağını artırmaq məqsədilə hər il rayonda yeni turizm marşrutları təyin edilməklə yanaşı, yeni obyektlər də yaradılır.
Bu yaxınlarda rayonun Toğanalı və Topalhəsənli kəndlərində yeni turizm istirahət mərkəzləri istifadəyə verilmişdir. Çaykənd, Mixaylovka, Üçbulaq və Yeni Zod kəndlərində isə mövcud obyektlərdə yenidənqurma işləri aparılmışdır.
Həyata keçirilən bütün tədbirlər nəticəsində son bir ayda bölgəyə 10 min nəfərdən artıq turistin gəlməsi qeydə alınmışdır. Ümumilikdə, mövsümün sonunadək turistlərin sayının 30 minə çatacağı proqnozlaşdırılır.