Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası işıq üzü görmüşdür

Bakı, 11 sentyabr (AZƏRTAC). AMEA Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiyanın redaktoru filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
Muzeydən AZƏRTAC-a bildirmişlər ki, kitabda dahi sənətkar Hüseyn Cavid irsinə ümummilli lider Heydər Əliyevin diqqət və qayğısından bəhs olunur. Ulu öndərin mədəniyyət siyasətinin açıqlanması kontekstində iki dahi şəxsiyyətin münasibətləri araşdırma obyektinə çevrilmişdir.
Kitab “İki əbədiyyət” (“Ön söz” yerinə), giriş, “Ədəbiyyatın böyük mesenatı”, “Naxçıvandan başlanan tanışlıq”, “Hüseyn Cavid irsinin bilicisi”, “Hüseyn Cavid irsinin böyük qayğıkeşi”, “Turan xanım canlı körpü idi...”, “Cavid yazdığı kimi”, “İki qayıdış”, “Sözardı” adlı səkkiz fəsildən, fotoşəkillər və mündəricatdan ibarətdir.
Monoqrafiyada milli mənəvi dəyərləri yüksək qiymətləndirən iki şəxsiyyətdən söz açılır. Müəllif hər iki şəxsiyyət haqqında fəxrlə danışır, onların əvəzedilməz mövqeyə malik olduğunu qeyd edir.
“Proqres” nəşriyyatında çap olunmuş kitab ədəbiyyatşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.