İDMAN
Güləşçilərimiz gənclər arasında dünya çempionatında uğurla çıxış edirlər [YENİLƏNİB]
Bakı, 14 avqust (AZƏRTAC). Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə 55, 66, 84 və 120 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə qoşulmuşlar.
Ruhin Mikayılov (66 kq) Ukrayna təmsilçisi Oleksandr Litvinovu tam üstünlüklə (8:0) məğlub etmişdir. 1/8 finalda Serbiya güləşçisi Mate Nemesi (6:1) üstələyən təmsilçimiz 1/4 finala yüksəlmişdir. Bu dəfə güləşçimizin rəqibi qazax Janibek Kandibayev olacaqdır.
Orxan Nuriyev (84 kq) Macar Zoltan Keri üzərində (6:3) qələbə qazanmış, növbəti görüşdə qazax Rəşid Koçiyevi (7:3) məğlub etmişdir. Növbəti mərhələdə rəqib iranlı Yusif Əhməd Qaderian olacaq.
Ukrayna təmsilçisi Vladislav Noşaçla qarşılaşacaq Abbas Abdullayev (120 kq) mübarizəyə 1/8 finaldan başlayacaqdır.
Qeyd edək ki, gənc yunan-Roma güləşçilərimiz ilk günü iki bürünc medalla başa vurmuşlar.