MƏDƏNİYYƏT
Gülnar Mustafayeva: Keçən illə müqayisədə bu il ölkəmizə gələn turist sayı 103 faizdən çox artıb
İstanbul, 25 may, AZƏRTAC
Pandemiyadan sonra bütün dünyada olduğu kimi, Azərbaycanda da turizm sektoru canlanmağa başlayıb. İlin ilk dörd ayının statistikasına baxdıqda görərik ki, 2021-ci illə müqayisədə bu il 103 faizdən çox artım var. Yəni, bu il 330 mindən çox xarici ölkə vətəndaşı Azərbaycana gəlib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva bildirib.
Bu ilin ilk dörd ayı ərzində ölkəmizə gələnlər arasında Türkiyə vətəndaşlarının ikinci sırada olduğunu deyən G.Mustafayeva bildirib ki, aprel ayı üzrə Vətənimizi ziyarət edənlər arasında türkiyəlilər ilk sıradadırlar: “Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 86 faiz artım deməkdir. Ümumiyyətlə, pandemiyadan əvvəlki və sonrakı rəqəmləri müqayisə etsək Türkiyədən Azərbaycana səfər edənlərin sayında kifayət qədər artım müşahidə olunur.
Ümumiyyətlə, bu ilin ilk dörd ayının statistikasına əsasən, Azərbaycana səfər edən xarici ölkə vətəndaşları arasında ruslar birinci sıradadır. Türkiyə ikinci, İran isə üçüncü yerdədir. Ölkəmizə gələn əcnəbilərə baxdıqda isə ilk onluğa daxil olan ölkələr arasında Gürcüstan, Ukrayna, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Qətər, İsrail, Hindistan və Pakistan da yer alır”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul