REGİONLAR
Gürcüstan kənd təsərrüfatı nazirinin müavini Marneulidə əhali ilə görüşmüşdür
Tbilisi, 11 fevral (AZƏRTAC). Gürcüstan kənd təsərrüfatı nazirinin birinci müavini David Şervasidze azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzində əhali ilə görüşmüşdür.
David Şervasidze nazirliyin kənd təsərrüfatı işlərinin mütəşəkkil qaydada təşkil olunması üçün həyata keçirdiyi proqram barədə iştirakçılara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, yaz əkini kampaniyasının səmərəli təşkil olunması məqsədilə Gürcüstan hökuməti vətəndaşlara kənd təsərrüfatı kartoçkası paylanmasına dair qərar qəbul etmişdir.
Nazir müavini AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində bildirmişdir ki, 0,25 hektar torpaq sahəsi olan vətəndaşlar həmin kartoçka əsasında dövlətdən 100 lari (1 dollar 1,65 laridir), 0,25 hektardan 1,25 hektaradək torpağı olanlar 510 lari, 1,25 hektardan 5 hektaradək torpaq sahəsi olanlar 640 lari alacaqlar.
Kartoçka sahibləri həmin məbləği əkin və becərmə işlərinə, həmçinin mineral gübrələr, toxum materialı, kənd təsərrüfatı alətlərinin alınmasına xərcləyə bilərlər.
Nazir müavini onu da qeyd etmişdir ki, kənd təsərrüfatı kartoçkalarının paylanmasına ilkin olaraq Marneuli rayonundan başlanılmışdır. Rayonun Şulaveri kənd icra hakimiyyətinin nümayəndəsi Əjdər Kərimov qayğıya görə Gürcüstan hökumətinə təşəkkürünü bildirmiş və demişdir ki, hazırda rayonda mövsümi yaz tarla işlərinə başlanılmışdır. Bu yardım yerlərdə kənd təsərrüfatı işlərinin inkişafına mühüm təsir göstərəcəkdir.
Görüşdə Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Əli Məmmədov, Marneuli rayon rəhbərliyinin, kənd icra hakimiyyətinin nümayəndələri iştirak etmişlər.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi