SİYASƏT
GÜRCÜSTANDA AZƏRBAYCANIN RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
Tbilisi, 27 may (AZƏRTAC). Mayın 27-də Gürcüstanda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin əməkdaşları ulu öndər Heydər Əliyevin Tbilisidəki büstü önünə və paytaxtın Nəbatat bağındakı Azərbaycanın ictimai-siyasi xadimlərinin məzarları üzərinə əklillər, tər çiçəklər qoymuşlar.
Sonra mərasim Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzində davam etdirilmişdir.
Tədbiri Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov açmışdır. Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva AXC-nin 91-ci ildönümünün strateji tərəfdaş olan Gürcüstanda da qeyd olunmasını ölkələrimiz arasında sarsılmaz dostluğun nümunəsi kimi dəyərləndirmişdir. Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir” dahiyanə kəlamının bu gün daha əzəmətlə səslənməsinə diqqəti cəlb edən Azərbaycan dövlətçiliyinin xilaskarı Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda, dövlətimizin beynəlxalq əlaqələrində əsaslı dönüş yaranmış, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır.
Müstəqillik illərində Azərbaycanın çox uğurlu inkişaf yolu keçdiyini deyən Qənirə Paşayeva ölkə Prezidenti İlham Əliyevin varisliyə sədaqəti, ulu öndərin başladığı kursu uğurla davam etdirməsi sayəsində bölgənin lider dövlətinə çevrildiyini, dünya dövlətləri arasında layiqli zirvələrə yüksəldiyini bildirmişdir.
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin əməkdaşı Arif Əliyev və başqaları çıxışlarında Azərbaycanın bugünkü uğurlarının gələcək nəsillərin rifahına yönəldildiyini vurğulamışlar.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi