DÜNYA
Gürcüstanda karantin və özünütəcrid müddəti azaldılıb
Tbilisi, 10 fevral, AZƏRTAC
Gürcüstanda karantin və özünütəcrid müddəti azaldılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlik koronavirusa yoluxan şəxslər və onlarla təmasda olanlar üçün özünütəcrid və karantin müddəti azaldılması ilə bağlı məsələyə baxıb və yeni qərar qəbul edib.
Qərara əsasən, COVID-19 infeksiyasını simptomsuz və yüngül keçirən tibbi və təhsil müəssisələrində, hüquq-mühafizə orqanlarında çalışanlar üçün karantin müddəti 5 gün olacaq. Özünütəcridin başa çatması üçün testin neqativ nəticəsi tələb olunacaq. Beşgünlük karantindən çıxan şəxslərin növbəti 5 gün ərzində qoruyucu maskadan istifadəsi məcburidir. Xəstəliyi simptomsuz və yüngül formada keçirən digər şəxslərin karantin müddəti isə 7 gün müəyyən edilib və bu halda testin neqativ cavabı tələb olunmur. Bu müddət başa çatandan sonra da növbəti 5 gün ərzində qoruyucu maskadan istifadə təkidlə tövsiyə edilib.
Xəstəliyi orta ağır və ağır formada keçirənlər üçün isə özünütəcrid müddəti dəyişdirilmir və əvvəlki kimi 10 gün qalır.
COVID-19 xəstəsi ilə təmasda olan, vaksin vurdurmamış və yaxud tam peyvənd olunmamış şəxslər üçün karantin müddəti 5 gün olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi