ELM VƏ TƏHSİL
Gürcüstanda yeni dərs ili başlanmışdır
Tbilisi, 16 sentyabr (AZƏRTAC). Gürcüstanda yeni dərs ili başlanmışdır.
Gürcüstanın Təhsil və Elm Nazirliyindən verilən məlumata görə, 2013-2014-cü tədris ilində ölkədə 2332 məktəb fəaliyyət göstərəcəkdir ki, onlardan 2085-i ümumi, 247-si isə özəl məktəblərdir. Birinci siniflərə 44758 nəfər şagird cəlb olunmuş, onlara yeni nəsil kompyuter hədiyyə edilmişdir. Tədris ili ərəfəsində 600-dən çox məktəb binası əsaslı təmir edilmiş, 9 yeni məktəb binasının tikintisi planlaşdırılmışdır.
Akkreditasiyası olan 64 ali məktəbin birinci kurslarına 30 minədək abituriyent qəbul olunmuşdur. Bakalavr, magistratura və doktoranturada 120 min tələbənin təhsil aldığı bildirilir.
Gürcüstanın ən qədim təhsil ocaqlarından olan Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli Azərbaycan ümumi məktəbində yeni dərs ilinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Məktəbin direktoru Salman Pirməmmədov, veteran müəllim Ziyəddin Həmidov, birinci siniflərin müəllimi Arzu Həsənova və başqaları şagirdləri, müəllimləri, valideynləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, uğurlar diləmişlər.
Məktəbin direktoru Salman Pirməmmədov AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, keçən il məktəbi bitirmiş şagirdlərin əksəriyyəti Gürcüstanın ali məktəblərinə qəbul olunmuşdur. Onlardan üç nəfəri ölkənin ən nüfuzlu təhsil ocağı olan İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə, bir nəfəri Qara Dəniz Universitetinə və digər ali məktəblərə daxil olmuşlar.
Heydər Əliyev Fondunun böyük dəstək və qayğısı sayəsində məktəbdə keyfiyyətli tədris üçün hər cür şərait yaradıldığını vurğulayan direktor Fondun rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir. Dİqqətə çatdırmışdır ki, Fondun təşəbbüsü ilə məktəbin binası əsaslı təmir olunmuş, lazımi avadanlıqla təchiz edilmişdir.
Salman Pirməmmədov şagirdlərin pulsuz dərsliklərlə təmin olunduğuna görə Gürcüstan Təhsil və Elm Nazirliyinə təşəkkür etmişdir. O demişdir ki, bu il məktəbin birinci sinfinə 15 şagird gəlmiş və son illər burada lazımi tədris şəraiti yaradıldığından şagirdlərin sayı artmaqdadır.
Valideyn Nərmin İsmayılova qızının məktəbin ikinci, oğlunun isə birinci sinif şagirdi olduğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, 73 nömrəli məktəb qədim ənənəyə malik tarixi tədris ocağıdır və məktəbin məzunlarının xoş sədası yalnız ölkəmizdən deyil, uzaqlardan da eşidilməkdədir. Tədrisin müasir tələblərə uyğun qurulması biz valideynləri məhz bu məktəbə üz tutmağa vadar etmişdir.
Sonra ilk zəng çalınmış, birincilər, onların arxasınca isə bütün şagirdlər siniflərə daxil olmuşlar.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi