ELM VƏ TƏHSİL
Gürcüstanın Baş naziri müəllimləri, şagirdləri və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmişdir
Tbilisi, 16 sentyabr (AZƏRTAC). Gürcüstanın Baş naziri Bidzina İvanişvili müəllimləri, şagirdləri və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara uğurlar, maraqlı dərs ili arzulamışdır.
O demişdir: “Hörmətli müəllimlər, şagirdlər, tələbələr, Sizi yeni dərs ilinin başlanması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər yeni dərs ili həyatınızda yeni, daha bir maraqlı dövrdür, yeni bilik və anlayışa yiyələnmənin başlanğıcıdır.
Birinci sinif şagirdlərini və birinci kurs tələbələrini bu gün münasibətilə xüsusi təbrik edirəm. Bu gün onların həyatında yeni mərhələnin başlanğıcıdır.
Valideynləri təbrik edir, ümidlərinin doğrulmasını arzulayıram.
Şadam ki, övladlarımızın layiqli təhsil almaları üçün müvafiq şərait yarada bilmişik. Bu, məktəblərdə, ali təhsil ocaqlarında həyata keçirilməli olan dəyişikliklərin bir hissəsi və başlanğıcıdır. Biz onların keyfiyyətli təhsil almaları üçün lazımi şərait yaratmalıyıq və bu sahədə heç nəyi əsirgəməyəcəyik”.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi