SİYASƏT
Gürcüstanın “Kavkaz i mir” jurnalında Xocalı soyqırımı haqqında yazı dərc edilmişdir
Tbilisi, 20 may (AZƏRTAC). Gürcüstanda nəşr olunan “Kavkaz i mir” (“Qafqaz və dünya”) beynəlxalq elmi jurnalının növbəti nömrəsi çapdan çıxmışdır.
Jurnalın yeni nömrəsi Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxulianın “Xocalı soyqırımı qurbanlarına həsr olunur” yazısı ilə açılır.
Müəllif yazır ki, ermənilərin Xocalıda törətdikləri vəhşiliklər etnik-psixoloji xüsusiyyətlərin təzahürü və ərazinin qeyri-ermənilərdən təmizlənməsinin etnik-milli siyasətidir. Ermənilərin Xocalıda dinc əhaliyə qarşı terroru həm də bu xalqın etnik xarakteri və mənəviyyatının zəifliyinin təzahürüdür. Bütün bunlar son nəticədə ermənilərin etnik-milli korporativ mənəviyyatının formalaşmasına gətirib çıxarmışdır.
Q.Marxulia vurğulamışdır ki, erməni fenomenologiyası uzun dövr ərzində yaranmışdır və onun siyasətinin əsasını qonşu ölkələrdə milli məskunlaşdırma təşkil etmiş, sonra mövcud siyasi, etnik, mədəni sərhədlərin yaradılmış dövlətin ərazisinə uyğun olması şüarı altında etnik məkanın birləşdirilməsi istiqamətində işə başlanmışdır. Başqa sözlə desək, erməni cəmiyyətinin mülki-siyasi bütövlüyü yalnız onun etnik mədəni həmcinsliliyi şəraitində ermənilərə sığınacaq vermiş xalqlara öz torpaqlarında yer verilməməsi şərti ilə mümkündür.
Bu nömrədə alimin “Dağlıq Qarabağda erməni soyqırımı fenomenologiyasının tarixi” sərlövhəli məqaləsi də yer almışdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi