Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Hacıqabul rayonunda da uğurla həyata keçirilir. Son illərdə rayonda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, istehsal müəssisələri yaradılmış, rayon mədəniyyət sarayı əsaslı təmir olunmuş, ümumtəhsil məktəbləri yenidən qurulmuş, Uşaq Tibb Mərkəzi, 50 çarpayılıq xəstəxana-poliklinika və digər sosial yönümlü obyektlər tikilib istifadəyə verilmiş, yeni yollar çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Hacıqabul şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Hacıqabul Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2013-cü il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin