REGİONLAR
Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabul, 31 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon sakini, 40 yaşlı Süsən Əsədli saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı S.Əsədli narkotik maddəni Ceyhun adlı şəxsdən aldığını bildirib.
Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, 29 yaşlı Ceyhun Bağırov idarə etdiyi nəqliyyat vasitəsilə birlikdə saxlanılıb.
Onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən narkotik maddə - heroin aşkar edilərək götürülüb. Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri ilə əvvəllər dəfələrlə məhkum olmuş 54 yaşlı Mübariz Aslanov da saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə "patı" adlanan narkotik maddə - metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.