CƏMİYYƏT
Hakimliyə namizədlərlə test imtahanı keçirilir
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də 200-dək hakimliyə namizədlə növbəti test imtahanı keçirilir.
AZƏRTAC xəbər verir ki, imtahanın keçirildiyi Dövlət İmtahan Mərkəzində beynəlxalq və yerli müşahidəçilər, vətəndaş cəmiyyəti nümayəndələri, televiziya və mətbuat təmsilçiləri iştirak edirlər.
Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə fərdi qaydada, kompüter vasitəsilə cavablandırırlar. İmtahanın nəticələri hər bir namizədə suallar cavablandırıldıqdan dərhal sonra elan olunacaq və ona müvafiq arayış təqdim ediləcək. İmtahanda 60 və daha çox bal toplayaraq uğur qazanmış hakimliyə namizədlər müsabiqənin növbəti mərhələsinə baraxılacaqlar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə qarşıda mühüm məsələlər qoyulub, o cümlədən hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb. Fərmana uyğun olaraq hakimliyə namizədlərin seçimi təkmilləşdirilərək davamlı xarakter alıb və müasir texnologiyaların tətbiqi təmin olunub. Ötən dövrdə xüsusi karantin rejiminin tələbləri ciddi gözlənilməklə keçirilmiş müsabiqələrdə 1200-dək hüquqşünas iştirak edib.
Müsabiqənin bütün mərhələlərini, habelə yarım illik tədris kurslarını və məhkəmələrdə stajkeçməni müvəffəqiyyətlə başa vurmuş 44 nəfər hakimliyə namizəd ötən il Azərbaycan Prezidentinin Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilib, 140-a qədər namizəd isə hazırda müsabiqənin müxtəlif, o cümlədən sonuncu mərhələsindədir.