CƏMİYYƏT
Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin sübutu idi
Bakı, 11 dekabr, AZƏRTAC
Müstəqil Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsində unudulmaz Qələbə qazandı. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuz bu Qələbəni Azərbaycan xalqına yaşatdı. Artıq Zəfər paradından bir il ötür. Bu münasibətlə özüm də daxil olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm.
Bunu AZƏRTAC-a müsahibəsində Vətən müharibəsi iştirakçısı Şükürlü Qəhrəman deyib.
Bu sevinci hər bir soydaşımızın böyük qürur hissi ilə yaşadığını qeyd edən Ş.Qəhrəman deyib: “Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da danışılacaq. Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin sübutudur. Bu, Müzəffər Ali Baş Komandanımızın bəyan etdiyi “Qarabağ Azərbaycandır!” cümləsinin məntiqi nəticəsidir. Bu parad İkinci Qarabağ müharibəsi adını almış 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbənin göstəricisidir ki, bizim də payımız var. Biz Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bilirdik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik. Bu Qələbədə payım olduğu üçün özümü çox şanslı hesab edirəm. Allah şəhidlərimizə rəhmət etsin. Yaralılara və xidmətini davam etdirənlərə cansağlığı arzu edirəm. Mən özüm də yaralıyam. Mənə fiziki məhdudiyyətlərim olduğu üçün əllilik dərəcəsi təyin olunub. Biz hər zaman dövlətimizin qayğısını öz üzərimizdə hiss edirik”.