DÜNYA
Havadan bol su əldə etmək üsulu tapılmışdır
Bakı, 7 sentyabr (AZƏRTAC). Massaçusets Texnologiya Universitetinin alimləri Çilidən olan həmkarları ilə birlikdə havadan içməli su yığan qurğu işləyib hazırlamışlar. Bu, insanın nadir tapıntısı deyildir: planetin bəzi ən quraqlıq regionlarında bitkilər və heyvanlar su qıtlığına unikal şəkildə uyğunlaşmışdır. Yağıntının son dərəcə az olduğu və ya hətta heç olmadığı yerlərdə heyvanlar və bitkilər suyu birbaşa havadan, daha konkret desək, okeanlardan gələn dumandan alır.
Alimlər bu prosesi daha geniş miqyasda təkrarlayaraq dumandan 10 faizədək rütubət ala bilən qurğu yaratmışlar. Dünyanın 17 ölkəsində artıq buna bənzər qurğular işləyir, lakin onların səmərəliliyi nadir hallarda cəmi 2 faizə çata bilir.
Havadan su toplayan adi sistemlər poliolefin liflərdən hazırlanmış şaquli şəbəkədən ibarətdir. Bu şəbəkələr ucuz başa gəlir, amma az səmərəlidir, çünki hətta optimal şəraitdə dumandan yalnız 2 faiz rütubət almağa imkan verir.
Massaçusets universitetinin mütəxəssisləri şəbəkənin ideal parametrlərini müəyyənləşdirərək onun səmərəliliyini xeyli artırmışlar. Hər şeydən əvvəl, sintetik lifləri insan tükündən 2-3 dəfə qalın saplardan ibarət paslanmayan poladla əvəz etmək lazımdır. Bundan başqa, şəbəkəyə xüsusi örtük çəkilməlidir ki, damcılar asanlıqla şəbəkə ilə sürüşüb nova düşsün, daha külək onları qalan dumanla birlikdə götürüb aparmasın. Odur ki, şəbəkə dəliyinin ölçüsü onun hazırlandığı liflərin diametrindən 2 dəfə böyük olmalıdır.
Yeni qurğunun prototipi Atakama səhrasının sahilboyu dağlıq ərazisində sınaqdan çıxarılmışdır. 1 kvadratmetrlik şəbəkə vasitəsilə gündə bir neçə litr su əldə etmək mümkün olmuşdur. Hesablamalar göstərmişdir ki, ilin müəyyən vaxtında belə qurğu gündə 12 litrədək içməli su yığa bilər. Bir-birinin ardınca bir neçə cərgə belə şəbəkədən istifadə olunarsa, hesablanmış 10 faizdən xeyli çox su toplamaq olar.
Qurğunun müəllifləri təsdiq edirlər ki, paslanmayan poladdan hazırlanmış yüzlərlə kvadratmetrlik iri şəbəkələr çox baha olmayacaq, uzun müddət xidmət göstərəcək və elektrik enerjisi işlətmədən su istehsal edəcəkdir. Çili tədqiqatçılarının hesablamalarına görə, dumandan hətta cəmi 4 faiz su əldə edilsə belə, Çilinin 4 şimal regionuna bərabər bir ərazini ucuz içməli su ilə təmin etmək mümkün olacaqdır.