İQTİSADİYYAT
Hazırda Azərbaycanda 300 fiziki və 100 hüquqi şəxs Auditor xidməti göstərmək üçün lisenziyaya malikdir
Bakı, 22 aprel (AZƏRTAC). Hazırda Azərbaycanda 300-ə yaxın fiziki şəxsə, 100-dən artıq hüquqi şəxsə auditor xidməti göstərmək üçün lisenziya verilmişdir.
Bunu Auditorlar Palatasının (AP) sədri aprelin 22-də keçirdiyi mətbuat konfransında demişdir.
AP-nın sədri Vahid Novruzov bildirmişdir ki, son illər Azərbaycan iqtisadiyyatı özünün həm inkişaf tempinə, həm də dayanıqlığına görə bütün maliyyə qurumları tərəfindən ən rəqabət qabiliyyətli iqtisadiyyat kimi dəyərləndirilməkdədir. Ötən müddətdə Azərbaycanda milli audit sistemi bərqərar olmuş, auditor xidmətlərinin həcmi və əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmiş, şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizədə və bütövlükdə ölkəmizin iqtisadiyyatının inkişafında auditin rolu xeyli yüksəlmişdir. Auditorlar Palatası çoxsahəli fəaliyyəti ilə ölkəmizin bazar infrastrukturları və dövlət idarəetməsi sistemində özünə möhkəm yer tutmuş, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərinin müdafiəsi sahəsində mühüm nəticələr əldə etmişdir.
Palata “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nda və “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”da müəyyənləşdirilmiş tədbirlərin icrası istiqamətində xeyli iş görmüş, eyni zamanda, səlahiyyətli dövlət orqanlarının müraciət və sifarişləri əsasında çoxsaylı audit yoxlamaları aparmışdır.
İl ərzində orta hesabla 3000 təsərrüfat subyektində audit həyata keçirildiyini bildirən palata sədri qeyd etmişdir ki, təsərrüfat subyektləri tərəfindən audit qanunvericiliyinə əməl olunması təxminən 10 faizdir. Bu cür halların aradan qaldırılması üçün Prezidentin təqdimatı ilə Milli Məclisdə “Auditor xidməti haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər qəbul olunmuşdur. Dəyişikliklərə əsasən, auditdən keçməyən hər bir təsərrüfat subyektinə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə cərimələr tətbiq ediləcəkdir. Təsərrüfat subyektlərini könüllü auditə cəlb etmək üçün bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Ən kəskin pozuntular əlaqədar dövlət orqanlarının təyin etdiyi audit yoxlamaları zamanı aşkarlanmışdır.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.
######