SİYASƏT
HEÇ BİR DÖVLƏT DAĞLIQ QARABAĞIN İŞĞAL OLUNDUĞUNU ŞÜBHƏ ALTINA ALMIR
Bakı, 18 iyun (AZƏRTAC). Ölkəmizdə səfərdə olan Türkiyənin “Hürriyyət Daily News” qəzetinin baş redaktoru Deyvid Cadson iyunun 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində mətbuat konfransı keçirmişdir.
D.Cadson Türkiyə mətbuatında mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında danışmışdır.
Qonaq bildirmişdir ki, ölkəmizə səfərinin əsas məqsədi mətbuat sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etməkdir.
Türkiyə mediasının gündəminin çox zəngin olmasına baxmayaraq, Azərbaycanla bağlı xəbərlərə geniş yer verildiyini qeyd edən baş redaktor, bəzi hallarda fəaliyyətlərində müəyyən xətalara yol verdiklərini də etiraf etmişdir. Bildirilmişdir ki, belə səhvlərdən biri “Hürriyet Daily News” qəzetində nəşr edilən bir məqalədə Dağlıq Qarabağın mübahisəli ərazi kimi qeyd olunmasıdır. D.Cadson demişdir: “Dağlıq Qarabağ mübahisəli ərazi deyil, işğal olunmuş Azərbaycan ərazisidir və heç bir dövlət bu ərazinin işğal olunduğunu şübhə altına almır. BMT, ATƏT və digər beynəlxalq təşkilatlar da işğal faktını təsdiqləmişlər. Buna görə də biz bununla bağlı təkzib verdik və öz səhvimizi düzəltdik”.
Qonaq Azərbaycanla bağlı xəbərlərin daha dəqiq şəkildə yayılması üçün bir azərbaycanlı mütəxəssisi öz sıralarına cəlb etməyi düşündüklərini də diqqətə çatdırmışdır.
Baş redaktor vurğulamışdır ki, media qurumları ölkələrimizlə bağlı həssas məsələlər haqqında xəbərlər yayımlayarkən daha çox məsuliyyətli olmalı və hadisələrə obyektiv yanaşmalıdırlar.