Azərbaycan Dövlət İnformasiya Agentliyi

“HƏMKARLAR İTTİFAQLARI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏREDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226, № 5, maddə 379; 2001-ci il, № 11, maddələr 676, 683; 2004-cü il, № 6, maddə 397; 2005-ci il, № 1, maddə 5, № 8, maddə 684) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. Preambulada “tövsiyələrinə” sözündən sonra “, Avropa Sosial Xartiyasına” sözləri əlavə edilsin.

2. 1-ci maddənin ikinci hissəsində:

2.1. üçüncü abzasda “sahələr üzrə həmkarlar ittifaqları” sözləri “sahələr üzrə respublika və ya ərazi həmkarlar ittifaqları” sözləri ilə, “təsis etdikləri həmkarlar ittifaqı” sözləri “təsis etdikləri respublika və ya ərazi həmkarlar ittifaqı” sözləri ilə əvəz edilsin;

2.2. dördüncü abzas çıxarılsın;

2.3. beşinci-səkkizinci abzaslar müvafiq olaraq dördüncü-yeddinci abzaslar hesab edilsin və dördüncü-altıncı abzaslar müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:

“işçi” dedikdə, əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontraktı) bağlayaraq, əmək fəaliyyətini yerinə yetirən fiziki şəxs başa düşülür;

“işəgötürən” dedikdə, tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisə rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs başa düşülür;

“müəssisə” dedikdə, bu Qanunun məqsədləri üçün istənilən qurum, o cümlədən xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları başa düşülür;”.

3. 2-ci maddənin ikinci hissəsində “konvensiyalarında” sözlərindən sonra “, Avropa Sosial Xartiyasında” sözləri əlavə edilsin.

4. 3-cü maddənin beşinci hissəsi çıxarılsın, altıncı hissə beşinci hissə hesab edilsin və aşağıdakı redaksiyada verilsin:

“Həmkarlar ittifaqları öz nizamnamələri ilə müəyyən olunmuş vəzifələri yerinə yetirmək məqsədi ilə könüllülük prinsipləri əsasında sahə, ərazi və başqa əlamətlər üzrə birliklər (şura, federasiya, konfederasiya) yaratmaq hüququna malikdirlər.”.

5. Qanuna aşağıdakı məzmunda 3-1-ci maddə əlavə edilsin:

“Maddə 3-1. Həmkarlar ittifaqlarının statusu

Həmkarlar ittifaqları yerli, ərazi, respublika və ümumrespublika statusuna malik ola bilərlər.

Bir inzibati-ərazi vahidində (şəhər, rayon, kənd) sahə (peşə) əlaməti üzrə fəaliyyət göstərən müəssisələrin həmkarlar ittifaqlarının ilk təşkilatlarını özündə birləşdirən həmkarlar ittifaqı birliyi yerli həmkarlar ittifaqı statusu daşıyır.

Bir inzibati-ərazi vahidində (şəhər, rayon, kənd) fəaliyyət göstərən yerli həmkarlar ittifaqlarını özündə birləşdirən həmkarlar ittifaqı birliyi ərazi həmkarlar ittifaqı statusu daşıyır.

Sahə (peşə) və ayrı-ayrı sahələrdə fəaliyyət göstərən ilk, yerli və ərazi həmkarlar ittifaqlarını özündə birləşdirən həmkarlar ittifaqı birliyi respublika həmkarlar ittifaqı statusu daşıyır.

Bu maddənin dördüncü hissəsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının ərazisi üzrə yaradılan həmkarlar ittifaqı birliyi respublika həmkarlar ittifaqı statusu daşıyır.

Respublika statusu daşıyan həmkarlar ittifaqlarının yarıdan çoxunun birləşib təsis etdikləri həmkarlar ittifaqı birliyi ümumrespublika həmkarlar ittifaqı statusu daşıyır.”.

6. 4-cü maddədə:

6.1. ikinci hissədə “təşkilatı” sözü “birliyi” sözü ilə, “hüquqları” sözü “statusu” sözü ilə əvəz edilsin;

6.2. üçüncü hissədə “təşkilatı” sözü “birliyi” sözü ilə əvəz edilsin.

7. 5-ci maddənin birinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır.”.

8. 6-cı maddədə:

8.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 6. Həmkarlar ittifaqları birliklərinin sədrlərinin (sədr müavinlərinin) siyasi fəaliyyətlə məşğul olmalarına məhdudiyyətlər”;

8.2. birinci hissə çıxarılsın, ikinci hissə birinci hissə hesab edilsin.

9. 7-ci maddənin ikinci hissəsində “onların müəyyən həmkarlar ittifaqına mənsubiyyəti, oraya daxil olması və ya oradan çıxması” sözləri “onların həmkarlar ittifaqları yaratmaq təşəbbüsləri, fəaliyyət göstərən həmkarlar ittifaqlarına daxil olmaları və ya oradan çıxmaları” sözləri ilə əvəz edilsin.

10. 10-cu maddədə:

10.1. dördüncü hissədə “təsərrüfat” sözü “yerli özünüidarəetmə” sözləri ilə əvəz edilsin;

10.2. beşinci hissədə “iştirak edə bilər” sözləri “iştirak edir” sözləri ilə əvəz edilsin.

11. 11-ci maddənin ikinci hissəsində, 12-ci maddənin birinci və ikinci hissələrində, 13-cü maddədə, 17-ci maddənin birinci və ikinci hissələrində, 18-ci maddənin birinci hissəsində ismin müvafiq hallarında “müdiriyyət” sözü ismin müvafiq hallarında “işəgötürən” sözü ilə əvəz edilsin.

12. 14-cü maddəyə aşağıdakı məzmunda ikinci-beşinci hissələr əlavə edilsin:

“Kollektiv danışıqların aparılması və kollektiv müqavilələrin bağlanılması həmkarlar ittifaqı təşkilatlarının təklifinə əsasən həyata keçirilir.

Həmkarlar ittifaqlarının birlikləri dövlət orqanları və digər təşkilatlarla öz səlahiyyətləri daxilində iqtisadı, sosial və mədəni inkişaf məsələləri üzrə kollektiv danışıqlar aparır və kollektiv sazişlər bağlayırlar.

Dövlət orqanları və işəgötürənlər kollektiv müqavilələr və kollektiv sazişlər bağlamaq haqqında həmkarlar ittifaqlarının yazılı təklifini aldığı gündən on gün müddətində danışıqlara başlamağa borcludurlar.

Həmkarlar ittifaqları kollektiv müqavilələrin və kollektiv sazişlərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində qanunvericiliyə uyğun olaraq nəzarət edirlər.”.

13. 20-ci maddədə:

13.1. maddənin adında “Müdiriyyətin, dövlət” sözləri “Dövlət” sözü ilə əvəz edilsin;

13.2. birinci hissədə “müdiriyyət və” sözləri “işəgötürən və digər” sözləri ilə əvəz edilsin;

13.3. üçüncü hissədə “Müdiriyyət” sözü “İşəgötürən” sözü ilə əvəz edilsin;

13.4. maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqlarının qabaqcadan razılığının alınması Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir.”.

14. 21-ci maddədə:

14.1. maddənin adında, birinci və ikinci hissələrində “istehsal işindən” sözləri “əmək funksiyasının icrasından” sözləri ilə əvəz edilsin;

14.2. birinci hissədə “müdiriyyətin” sözü “işəgötürənin” sözü ilə əvəz edilsin, “seçkili orqanlarında” sözlərindən sonra “, təşkil etdiyi tədris kurslarında, seminarlarda” sözləri əlavə edilsin.

15. 22-ci maddədə:

15.1. maddənin adında “İstehsal işindən” sözləri “Əmək funksiyasının icrasından” sözləri ilə əvəz edilsin;

15.2. birinci hissədə “işdən” sözü “əmək funksiyasının icrasından” sözləri ilə əvəz edilsin;

15.3. maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Müəssisədə əmək funksiyasının icrasından azad edilərək, həmkarlar ittifaqına seçilmiş işçilərə həmin müəssisənin digər işçiləri üçün müəyyən edilmiş güzəştlər bərabər əsaslarla şamil olunur.”.

16. 23-cü maddənin adında “müdiriyyətin” sözü “işəgötürənin” sözü ilə, birinci hissəsində “Müəssisənin müdiriyyəti” sözləri “İşəgötürən” sözü ilə əvəz edilsin.

17. 24-cü maddənin ikinci hissəsindən “kollektiv” sözü çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin