İDMAN
Həmvətənlərimiz Sovet İttifaqı Qəhrəmanı Anatoli Bredovun xatirəsinə həsr edilmiş turnirin qalibi olmuşlar
Bakı, 8 noyabr (AZƏRTAC). Murmanskın gənc və yaşlı boksçuları üç gün ərzində Sovet İttifaqı Qəhrəmanı Anatoli Bredovun xatirəsinə həsr edilmiş turnirin medalları uğrunda mübarizə aparmışlar. Turnirin qalibləri arasında həmvətənlərimiz də olmuşdur. Fuad Cəfərov 57 kiloqramadək çəki dərəcəsində, digər həmvətənimiz Asif İslamov 64 kiloqramadək çəki dərəcəsində qalib gəlmişlər.
1942-ci ilin aprelində Qızıl Orduya çağırılan Anatoli Bredov elə həmin ilin iyulundan döyüşən orduda xidmət etməyə başlayır. Kareliya cəbhəsinin 14-cü ordusunun 14-cü atıcı diviziyasının 155-ci atıcı alayının pulemyot bölməsinin komandiri olmuşdur.
1944-cü il oktyabrın 11-də 155-ci atıcı alay Titovka-Petsamo avtomobil yoluna çıxaraq, Pridorojnaya yüksəkliyinə hücuma keçir. Bredovun pulemyotçular dəstəsi döyüşə atılaraq 80 alman əsgəri məhv edir. Aşkar edilən atəş nöqtəsi alman qoşunları tərəfindən mühasirəyə alınır və güllə yağışına tutulur. Anatoli Bredov və tuşlayıcı Nikita Aşurkovdan başqa hamı həlak olur. Pulemyotçuların patronu bitəndə onlar almanlara qumbaralar atmağa başlayırlar. Cəmi iki qumbara qalanda Aşurkov gizləndiyi yerdən çıxaraq “Ruslar əsir düşmürlər! Alçaqlar, alın payınızı!” deyib qumbaranı hitlerçilərə atır. Sonra Bredov və Aşurkov qucaqlaşaraq sonuncu qumbara ilə özlərini və pulemyotu partladırlar. 155-ci atıcı alayının döyüşçüləri pulemyotçuların hünərindən ruhlanaraq Pridorojnaya yüksəkliyini ələ keçirirlər. Lakin Aşurkovun bəxti gətirir, salamat qalır. Onu beş gün sonra sanitar batalyonun döyüşçüləri tapırlar.
Anatoli Fyodoroviç Bredov Murmanskın əsgər məzarlığında dəfn edilmişdir. Onun məzarı üstündə obelisk ucaldılmışdır.
SSRİ Ali Sovetin Rəyasət heyətinin 1945-ci il 24 mart tarixli Fərmanı ilə Anatoli Fyodoroviç Bredova ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. O, Lenin ordeni ilə təltif edilmişdir.