İDMAN
Həmyerlilərimiz əlbəyaxa döyüş üzrə Murmansk vilayət çempionatının və vilayət birinciliyinin mükafatçıları olmuşlar
Bakı, 28 noyabr (AZƏRTAC). Daxili İşlər Nazirliyinin Murmansk vilayəti üzrə idarəsinin idman kompleksində əlbəyaxa döyüş üzrə vilayət çempionatı və həmin çempionat çərçivəsində “Dinamo” cəmiyyətinin birinciliyi keçirilmişdir.
Qalib adı uğrunda mübarizədə xalça üzərinə çıxan idmançılar arasında Murmansk nümayəndələri ilə yanaşı, vilayətin Severomorsk, Polyarnıye Zori, Apatitı şəhərlərinin və Kola rayonunun təmsilçiləri də vardı.
Həmyerlilərimiz – sərhədçi Yusup Həsənov, Vüsal Bayramov (45 kq, Murmansk), Ruslan Novruzov (50 kq, Murmansk) və İnqlay Əliyev (55 kq, Murmansk) ən yaxşı texnikaya görə xüsusi mükafatlarla təltif edilmişlər.
Çempionatda Murmansk vilayətinin müxtəlif şəhərlərindən müxtəlif yaşlı və müxtəlif peşələri təmsil edən 130 idmançı – məktəblilər, polis işçiləri, sərhədçilər, müxtəlif idman dərəcələri olanlar və ustalığa namizədlər iştirak edirdi.