İDMAN
Həmyerlimiz Vyana şəhər marafonunda diplomatlar arasında ən yaxşı göstəriciyə nail olmuşdur
Vyana, 15 aprel (AZƏRTAC). Aprelin 14-də Vyana şəhərində ənənəvi şəhər marafonu keçirilmişdir. Artıq 30-cu dəfə təşkil edilən idman tədbirində dünyanın 100-dən artıq ölkəsindən rekord sayda – 41 mindən artıq peşəkar və həvəskar idmançı iştirak etmişdir.
Azərbaycanın Avstriyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ölkəmizin Avstriyadakı səfirliyinin hərbi nümayəndəsi, polkovnik-leytenant Kamil Quliyev ATƏT yanında akkreditə olunmuş hərbi nümayəndələrdən ibarət komandalardan birinin tərkibində marafona qatılmışdır. Mübarizə əsasən Avropa İttifaqı və ABŞ diplomatlarının təmsil olunduğu dörd komanda arasında getmiş və MDB ölkələri içərisində yalnız Azərbaycan hərbçisi yarışda iştirak etmişdir. K.Quliyev ən sürətli idmançı kimi fərqləndiyinə görə medalla təltif olunmuşdur.
Hər il olduğu kimi, bu il də marafonçuları dəstəkləyən insanlar xoş məram nümayiş etdirmiş, “Kinder-Krebs-Hilfe” (Uşaqlarda Xərçəngə qarşı Mübarizə) xeyriyyə cəmiyyətinin hesabına pul vəsaiti köçürmüşlər.
Peşəkar idmançılar arasında Keniya təmsilçisi Henri Suqut marafonda 42,195 kilometrlik məsafəni 2 saat 8 dəqiqə 19 saniyəyə qət edərək, Vyana şəhər marafonunun artıq üçüncü dəfə qalibi olmuşdur. Sonrakı yeddi yeri də yalnız afrikalı (keniyalı və efiopiyalı) idmançılar tutmuşlar. Qadınlar arasında birinci yerə də keniyalı idmançı Flomena Keyeş (2.24.34) çıxmışdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana