Azərbaycan Dövlət İnformasiya Agentliyi

HƏRBİ TƏHSİL MÜƏSSİSƏLƏRİ KURSANTLARININ MÜAVİNƏTLƏRİNİN ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının Silahlı Qüvvələri, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr üçün zabit kadrlarının hazırlanması və peşə hazırlığının yüksəldilməsi, habelə onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının kursantlarının aylıq müavinətləri noyabrın 1-dən 70 manat müəyyən edilsin.

2. Heydər Əliyev adına Hərbi Liseyin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarının aylıq müavinətləri noyabrın 1-dən 35 manat müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn maliyyələşdirmə məsələlərini həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2006-cı il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin