SİYASƏT
HESABLAMA PALATASI 2008-Cİ İLDƏ 20-YƏ QƏDƏR YOXLAMA HƏYATA KEÇİRMİŞDİR
Azərbaycan Respublikasının Milli Məclisi yanında Hesablama Palatasının sədri Heydər Əsədov AZƏRTAC-a bildirmişdir ki, rəhbərlik etdiyi qurum 2008-ci ildə 20-dək müəssisə və təşkilatda yoxlama aparmışdır. Bu yoxlamalar əsasən təhsil və digər sahələrdə dövlət proqramlarının həyata keçirilməsini, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrini, maliyyə şöbələrini və Azərbaycanın xaricdəki səfirliklərini əhatə etmişdir.
Yoxlamalar zamanı cinayət xarakterli qanun pozuntuları aşkarlanmamışdır. Müəyyən olunan nöqsanlar əsasən yerinə yetirilən iş və xidmətlərin vaxtında təhvil verilməməsi, alınan mal və materialların mədaxilindəki qeydiyyat ilə bağlı olmuşdur. Aparılan yoxlamalardan sonra 2 milyon manatdan artıq maliyyə vəsaiti dövlət büdcəsinə qaytarılmışdır.
Hesablama Palatasının bu ilki fəaliyyəti əsasən bu problemlərin aradan qaldırılmasına, görülməmiş iş və xidmətlərin yerinə yetirilməsinə və onların bərpasına yönəldilmişdir.