CƏMİYYƏT
Həssas sosial qruplara aid olanlara tibbi, hüquqi və psixoloji xidmətin təşkili ilə əlaqədar layihəyə başlanılıb
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi fevralın 1-dən "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihənin həyata keçirilməsinə başlayıb.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən qazilər, şəhid ailələri və Milli Qəhrəman ailələri, məcburi köçkünlər, həmin kateqoriyadan olan digər şəxslər və onların ailə üzvlərinin problemləri öyrəniləcək, onlara psixoloji xidmət göstəriləcək, maarifləndirmə işləri aparılacaq.
Fevralın 16-da keçirilən layihənin təqdimatına həsr olunmuş mətbuat konfransında Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri, layihə rəhbəri Tahir Xudiyev bildirib ki, 3 ay davam edəcək layihə müddətində maarifləndirmə məqsədilə “İmtiyazlı şəxslər üçün məlumat kitabı” dərc edilərək iştirakçılara paylanılacaq.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Aytən Tanrıverdiyeva, Gənclər və İdman Nazirliyinin əməkdaşı Elnarə Əliyeva, Penitensiar Xidmətin nümayəndəsi Nofəl Əsədov, KUNGFU Federasiyasının prezidenti Davud Mahmudov əhalinin həssas sosial qruplarına aid olan vətəndaşların sosial problemlərinin həll edilməsinə yardım göstərmək məqsədilə həyata keçirilən layihənin vacibliyindən danışıblar.
Digər çıxış edənlər layihənin yekununda həmin kateqoriyadan olanların reabilitasiyası və sosial həyata inteqrasiyası ilə əlaqədar əlavə təkliflərin hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim ediləcəyini bildiriblər.