İQTİSADİYYAT
Heydər Əliyev adına Bakı neft emalı zavodunda neftin ilkin emal qurğusu təmir olunur
Bakı, 4 fevral (AZƏRTAC). Heydər Əliyev adına Bakı neft emalı zavodunun uzun müddətdir ki, istismarda olan neftin ilkin emalı üzrə 21 nömrəli ED-AVQ-6 qurğusunda təmir aparılması zərurəti nəzərə alınaraq, görüləcək işlər müəyyənləşdirilmiş, alınacaq material və ehtiyat hissələrinin siyahısı tərtib olunmuşdur.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurğunun təmirə dayandırılması digər texnoloji qurğuların fəaliyyətinə də təsir göstərdiyindən zavodun iş prosesində fasilələrə yol verməmək məqsədi ilə 21 nömrəli ED-AVQ-6 qurğusu işləyə-işləyə benzinin təkrar emalı bölməsində əsaslı təmir işləri aparılmış və uğurla istismara buraxılmışdır. Təmir işlərinin atmosfer, vakuum və digər bloklarda da bu qayda üzrə davam etdirilməsi nəzərdə tutulmuşdur. Lakin elə təmir işləri də vardır ki, bunların yerinə yetirilməsi üçün qurğunun mütləq saxlanılması və qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi vacibdir. 21 nömrəli ED-AVQ-6 qurğusu saxlanılan zaman 55 və 43 nömrəli qurğuların xammalla təmin edilməsi üçün 22 nömrəli qurğunun vakuum blokunun işə salınmalı olduğu nəzərə alınmış, həmin blokun istismar vəziyyəti, sazlığı yoxlanılmış, isti dövretmədə qurğunun texnoloji sxemi sınaqdan keçirilmiş, çatışmazlıqlar aşkar edilmiş və qüsurlar cədvəli tərtib olunmuşdur. Hazırda həmin qüsurların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.