İQTİSADİYYAT
Heydər Əliyev adına BNEZ-in yubileyinə hazırlıq görülür
Bakı, 25 iyun (AZƏRTAC). Azərbaycan iqtisadiyyatının aparıcı sahələrindən olan Heydər Əliyev adına Bakı neft emalı zavodu (BNEZ) özünəməxsus tarixi inkişaf yolu keçmiş, ölkənin sosial-iqtisadi tərəqqisinə güclü təkan vermişdir.
AZƏRTAC xəbər verir ki, zavod iyul ayında özünün 60 illik yubileyini qeyd edəcəkdir. Ötən dövrdə Heydər Əliyev adına BNEZ-də yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, burada milyonlarla ton neft emal olunmuş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir. Zavod yeniləşmiş, inkişaf etmişdir.
Bu inkişafa, şübhəsiz, böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin neft sənayesinə hərtərəfli köməyi, daimi qayğısı sayəsində nail olunmuşdur.
Ulu öndər Heydər Əliyevin adını fəxrlə daşıyan BNEZ-də yubileyə hazırlıqla əlaqədar keçirilmiş müşavirədə qeyd edilmişdir ki, Ümummilli liderimiz daim neft sənayesinə, xüsusilə, onun bayraqdarı olan yeni Bakı neftayırma zavoduna (indiki Heydər Əliyev adına Bakı neft emalı zavodu) xüsusi diqqət və qayğı ilə yanaşmış, onun inkişafı üçün münbit şərait yaratmışdır. Zavoddakı əsas texnoloji qurğular məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Müəssisənin 60 illik yubileyinin yüksək səviyyədə keçirilməsi məqsədilə zavodun direktoru E.İsmayılovun sədrliyi ilə komissiya yaradılmış və hazırlıq tədbirləri müəyyən edilmişdir. Hazırda zavodun bütün sahələrində abadlıq işləri geniş vüsət almışdır.
Müşavirədə yubileyə hazırlıq planı geniş müzakirə olunmuşdur.