İQTİSADİYYAT
Heydər Əliyev adına neft emalı zavodunda avtomatik axın sıxlıqölçəni quraşdırılmışdır
Bakı, 8 mart (AZƏRTAC). Heydər Əliyev adına Bakı neft emalı zavodunun (BNEZ) 2 nömrəli istehsalat sahəsinin 21 nömrəli ilkin emal qurğusunun normal iş rejimi Böyük Şor terminalından (zavodun neftin qəbulu və nəqli üzrə 1 nömrəli sexindən) nəql olunan neftin tərkibindən asılıdır.
AZƏRTAC xəbər verir ki, emal qurğusunun normal iş rejimini təmin etmək, neftin tərkibinə nəzarəti daha da gücləndirmək məqsədi ilə “Mikro Motion” tipli avtomatik axın sıxlıqölçəni alınaraq bu sahədə kifayət qədər təcrübəsi olan “Azmetco” ASC-nin mütəxəssisləri tərəfindən xüsusi stenddə yoxlanılmışdır. Yoxlamanın nəticələri Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Avtomatik axın sıxlıqölçəninin ilkin çeviricisi zavoda nəql olunan boru kəmərində, ikinci cihaz isə neftin qəbulu və nəqli üzrə 1 nömrəli sexin texnoloji nasosxanasının maşinist otağında quraşdırılmışdır. 1 nömrəli sexin mütəxəssisləri tərəfindən neft boru kəmərindən nümunələr götürülərək müqayisə aparılmış, uyğun nəticələr alınmışdır.
Hazırda avtomatik axın sıxlıqölçəni qüsursuz işləyir.