SİYASƏT
HEYDƏR ƏLİYEV DOĞMA XALQININ MƏDƏNİYYƏT VƏ ƏDƏBİYYATINA HİMAYƏDARLIQ ETMƏKLƏ KİFAYƏTLƏNMƏMİŞ, HƏM DƏ BU SAHƏLƏRİN MAHİR BİLİCİSİ, DÖNMƏZ TƏƏSSÜBKEŞİ VƏ ALOVLU TƏBLİĞATÇISI OLMUŞDUR
Bakı, 12 dekabr (AZƏRTAC). Dünyada elm və mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinə himayədarlığı ilə ad çıxaran, mesenat kimi tanınan dövlət başçıları az olmamışdır. Lakin Heydər Əliyev onlardan tamamilə fərqlənirdi. Heydər Əliyev doğma xalqının mədəniyyət və ədəbiyyatına himayədarlıq etməklə kifayətlənməmiş, həm də bu sahələrin mahir bilicisi, dönməz təəssübkeşi və alovlu təbliğatçısı olmuşdur.
Bu sözləri ulu ondərin xatirəsini anmaq üçün dekabrın 12-də Fəxri xiyabana gəlmiş şair Adil Cəmil demişdir.
-Ümummilli liderimiz fəxr edirdi ki, XIX əsrin ortalarında Şərq ölkələri tarixində ilk teatr və XX əsrin əvvəlində isə peşəkar opera məhz Azərbaycanda yaranmışdır, - deyə şair sözünə davam edir -1995-ci ildə türk dünyasının böyük oğlu və ağsaqqalı Heydər Əliyev “Manas” dastanının minilliyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Qırğızıstana getmişdi. Mən də həmin nümayəndə heyətinin tərkibində idim. Həmin səfəri heç vaxt unutmayacağam. Bundan sonra ulu öndər Heydər Əliyevin səyi və təşəbbüsü ilə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi qeyd edildi, “Kitabi-Dədə Qorqud” ensiklopediyası çap olundu. Heydər Əliyevin sayəsində Azərbaycan mədəniyyətinin korifeylərindən Nəsimi, Nizami, Füzuli, Vaqif və başqalarının yubileyləri çox geniş miqyasda qeyd olunmuşdur.
Dahi rəhbər Füzulinin yaradıcılığına xüsusi əhəmiyyət verirdi və şairin 500 illik yubileyinə hazırlıq komissiyasının sədri özü idi. Azərbaycanda yubiley şənlikləri ən yüksək səviyyədə keçirildi, sonra isə estafeti Ankara, İstanbul, Moskva, Sankt-Peterburq, Tehran, Təbriz, Bağdad, Kərbəla, Kərkük, Paris, Tbilisi, Daşkənd, Dərbənd, Mahaçqala qəbul etdi.
Ulu öndərimizin vəsiyyətləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Bu varislik təkcə siyasi aspektdə deyil, həmçinin mədəniyyətə və ədəbiyyata, yaradıcı ziyalılara münasibətdə də hiss olunur.