SİYASƏT
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bosniya və Herseqovinada humanitar yönümlü bir sıra layihələr həyata keçirilmişdir
Bakı, 5 fevral (AZƏRTAC). Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bosniya və Herseqovinada humanitar yönümlü bir sıra layihələr həyata keçirilmişdir. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə paytaxt Sarayevoda yenidən qurulan “Dostluq parkı”nın açılması təqdirə layiq haldır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiç demişdir.
Bojo Lyubiç bildirmişdir ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında münasibətlərinin dərin kökləri vardır. Hər iki dövlət müstəqilliyini bərpa etdiyi dövrlərdə oxşar talelər yaşamışdır. Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Ölkəniz nəinki öz regionunda, həmçinin Balkan regionda da böyük nüfuza malikdir. Sərmayə qoyuluşu baxımdan Balkan regionunda Azərbaycanın çox böyük rolu vardır. Ümid edirəm ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında mövcud olan əməkdaşlığımız gələcəkdə iqtisadi sahədə daha da möhkəmlənəcəkdir.
Bosniya və Herseqovinanın Nümayəndələr Palatasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı qətnamə qəbul edildiyini vurğulayan qonaq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr və ATƏT-in prinsipləri çərçivəsində həll olunmasının vacibliyini də vurğulamışdır.
Qonaq Bakıda bir sıra görüşlər keçirəcəyini və bu görüşlərdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlərin müzakirə olunacağını diqqətə çatdırmışdır.