ELM VƏ TƏHSİL
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yevlax rayonunun Kövər kəndində əsaslı təmir edilmiş məktəb binası istifadəyə verilmişdir
Yevlax, 16 sentyabr (AZƏRTAC). Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yevlax rayonunun Kövər kəndində əsaslı təmir edilmiş 396 şagird yerlik tam orta məktəb binası sentyabrın 16-da istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun nümayəndələrinin, rayon ictimaiyyətinin və kənd sakinlərinin iştirak etdikləri açılış mərasimində əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Heydər Əliyev Fondunun nümayəndəsi Elmir Bağırov iştirakçılara Azərbaycanın birinci xanımı, Fondun prezidenti Mehriban Əliyevanın salamlarını çatdırmış, şagirdlərə dövlətimizin təhsilə göstərdiyi qayğıdan söhbət açmışdır. O, Heydər Əliyev Fondunun onlara verdiyi bu gözəl töhfədən yararlanaraq yaxşı oxumağı, Vətənə layiqli vətəndaş kimi yetişməyi tövsiyə etmişdir.
Mərasimdə digər çıxış edənlər də əlamətdar hadisə münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik etmiş, məktəb binasının əsaslı təmirdən sonra istifadəyə verilməsini Azərbaycan dövlətinin təhsilin inkişafına göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndirmiş, bu sevinci onlara bəxş edən Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Məlumat verilmişdir ki, 2004-2013-cü illər ərzində Yevlax rayonunda 21 yeni məktəb binası, 640 şagird yerlik 32 əlavə sinif otağı tikilib istifadəyə verilmiş, 10 məktəb əsaslı təmir olunmuşdur.
Binanın açılışını bildirən rəmzi lent kəsildikdən sonra iştirakçılar məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar. Üçmərtəbəli təhsil ocağında kompyuter otağı, fənn kabinələri, kimya, fizika və biologiya laboratoriyaları, emalatxana, tikiş və dərzi otağı, bufet, 120 nəfərlik akt zalı, radio qovşağı, idman zalı, kitabxana yaradılmış, məktəb ən müasir avadanlıqla təmin olunmuşdur. Yenidən qurulan qazanxana və transformator yarımstansiyası binanı istilik və elektrik enerjisi ilə təmin edir. Binada su, kanalizasiya sistemləri yenidən qurulmuş, həyətində futbol, voleybol və basketbol meydançaları yaradılmışdır. Ərazinin hasarı yenidən inşa edilmiş, abadlaşdırılan sahədə 2 söhbətgah tikilmiş, ağaclar əkilmiş, yaşıllıqlar salınmışdır.
Həmin gün Balçılı kənd tam və Aran qəsəbə 3 nömrəli ümumi orta məktəbləri üçün inşa edilmiş 180 yerlik binalar da istifadəyə verilmişdir.