HEYDƏR ƏLİYEV GUŞƏSİ İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev daha sonra bağda ümummilli liderimizin xatirəsinə yaradılmış Heydər Əliyev guşəsi ilə tanış oldu.
Burada ulu öndərimizin Azərbaycan qarşısında tarixi xidmətlərini, xarici ölkələrə səfərlərini, dünyanın aparıcı dövlətlərinin başçıları ilə görüşlərini, Qusar rayonunda olmasını əks etdirən fotoşəkillər nümayiş olunur. Ulu öndərimizin həyat və fəaliyyətinə həsr olunmuş dəyərli kitablar, Prezident İlham Əliyevin siyasi fəaliyyətindən bəhs edən fotoşəkillər də böyük maraq doğurur.
Prezident İlham Əliyev guşənin xatirə kitabına öz ürək sözlərini yazdı:
“Xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyətini əks etdirən fotoşəkillər, kitablar, başqa sənədlər Heydər Əliyevin xalqa nə qədər bağlılığını göstərir. Heydər Əliyevin tarixi irsinin öyrənilməsi və tədqiqi gələcək nəsillərin tərbiyə olunmasında çox mühüm rol oynayır.
Heydər Əliyev Qusara və qusarlılara həmişə böyük diqqət və qayğı göstərirdi. Mən də çalışıram ki, Qusar rayonunda yaşayan insanların həyatı, güzəranı yaxşılaşsın, burada yaşayan bacı-qardaşlarım bundan sonra da rahat, firavan yaşasınlar. Qusarlılara öz dərin hörmət və məhəbbətimi ifadə edirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
28 iyul 2005-ci il. Qusar şəhəri”.