SİYASƏT
HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCANDA AQRAR İSLAHATLARIN ƏSASINI QOYMUŞDUR
Bakı, 12 dekabr (AZƏRTAC). Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildən sonra respublikanın aqrar bölməsinin tərəqqisi üçün müəyyən etdiyi dövlət siyasəti, onun rəhbərliyi ilə ölkədə aqrar və torpaq islahatının həyata keçirilməsinin nəticəsidir ki, son illərdə Azərbaycanda taxıl istehsalı rekord həddə çatmış, kənd təsərrüfatı məhsullarının istehsalı xeyli artmışdır, torpaq sahibləri üçün əlverişli şərait yaradılmışdır.
Dekabrin 12-də aqrar sahənin nümayəndələri Fəxri xiyabana haqlı olaraq qürur hissi ilə gəlmişdilər. Kənd təsərrüfatı məhsulu istehsalçıları müstəqil Azərbaycanda aqrar islahatların əsasını qoymuş müdrik siyasətçinin məzarını minnətdarlıqla ziyarət edirdilər. Onların ümumi fikrini Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Nəriman Əliyev belə ifadə etmişdir:
-Müstəqil Azərbaycanın iqtisadiyyatının tərəqqisi üçün yeganə yolun bazar iqtisadiyyatı olduğunu görən Heydər Əliyev hələ 1992-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində işləyərkən aqrar islahatların aparılmasının əsasını qoymuşdur. Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı yaxşı yadımdadır. Ulu öndər ölkədə çörək qıtlığını aradan qaldırmaq üçün o zaman nəhəng və cəsarət tələb edən işlər gördü. Məhz həmin nəhəng işlərin nəticəsidir ki, kolxoz və sovxozlar ləğv edildi, onların torpağı və əmlakı təmənnasız olaraq vətəndaşlara paylandı, səhv etmirəmsə, 3,5 milyon nəfər, yaxud 871 min 779 ailə mülkiyyət sahibi oldu, onlara 1,6 milyon hektar əkinəyararlı torpaq verildi.
Hazırda Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin aqrar siyasətini uğurla davam etdirir. Son illər dövlət büdcəsindən ayrılan vəsaitin həcminin bir neçə dəfə artırılması ölkəmizdə qeyri-neft sektorunda xüsusi çəkiyə malik kənd təsərrüfatının inkişafına göstərilən diqqətin bariz göstəricisidir.
Ulu Tanrıdan ümummilli liderimizə rəhmət diləyirəm.